TƏSƏTTÜR İBADƏTDİR


Əlif Güldar
Bu yazıya 1353 dəfə baxılıb.

       Bütün etdiyimiz ibadətlər Allah rizası üçün və Allah əmr etdiyi üçün olmalıdır.  Təsəttürlə əlaqədar ayələri də Allah bizə Qurani Kərimdə bildirmişdir. Qadınların saçlarını, boyunlarını və zinətlərini bağlayacaq və bədən xəttlərini göstərməyəcək şəkildə örtünmələri Kitab, Sünnə və icma ilə sabit olan bir fərzdir. Ayəyi kərimədə belə buyurulur: "Mömin qadınlara da söylə: Gözlərini (baxılması qadağan olan şeylərdən) çevirsinlər; ismətlərini qorusunlar. Görünməsində qorxu olmayan (əl və üz kimi) yerləri xaricində zinətlərini aşkar etməsinlər və bunun üçün baş örtülərini yaxalarının üzərinə salsınlar..." (ən-Nur 24/31) Bu ayəyi kərimədə qadınlardan:

1. Gözlərini baxılması haram olan şeylərdən çevirmələri,

2. İsmətlərini və iffətlərini qorumaları,

3. Görünməsində qorxu olmayan yerləri xaricində zinətlərini (cazibə və gözəlliklərini) aşkar etməmələri,

4. Baş örtülərini boyun, sinə və s. bağlayacaq şəkildə yaxaları üzərinə salmaları istənilir, ardınca da qadınların zinət yerlərini kimlərin yanında aça biləcəkləri sayılır. Geyim keçim ədəbi insan üçün yemək içmək nə qədər zəruri bir ehtiyacdırsa, geyinmək və cəmiyyət içində gözəl bir görünüşə sahib olmaq da o dərəcədə əhəmiyyətlidir. Bədən, ancaq geyim keçim yoluyla xarici təsirlərdən qorunar, ayıblardan xilas olar və gözəlliyini kamala çatdırar.

       Əslində, örtü, zərrədən kürəyə kainatın dərhal hər ünsüründə müşahidə edilən fitri bir həqiqətdir. Dünyanın atmosferi, ağac və meyvələrin qabıqları, heyvanların dəri və tükləri, ana qarınındakı dölü qucaqlayan plasenta pərdəsi bir növ paltar (təsəttür) hökmündə olub bunları xaricə qarşı mühafizə edər və görünüşlərini gözəlləşdirər.  Qurani Kərimdə: " Ey Adəm oğulları! Sizə övrət yerlərinizi örtəcək geyim və bəzənəcək paltar bəxş etdik. Təqva paltarı isə daha xeyirlidir". (əl-Əraf 7/26)  "Allah sizi istidən (və soyuqdan) qoruyacaq paltarlar yaratdı…" (ən-Nəhl 16/81) buyurulur.  Allahın qoyduğu bu məqsədə uyğun gəlməyən və insanı təqvadan uzaqlaşdıracaq şəkildə geyilən paltarlar, İslami bir paltar olaraq qəbul edilə bilməz. Necə ki, Rəsulullah (s.ə.s.) Hz. Aişənin bacısı Əsmanın incə bir paltar geydiyini görərkən başını çevirmiş və:

"- Ey Əsma! Yetkinliyə çatdıqdan sonra, -üzü və əlini işarə edərək- qadınların bu və bundan başqa bir yerinin görülməsi doğru olmaz", buyurmuşdur. Paltar geyməyin əsas məqsədi, bədənin uyğun bir şəkildə örtülməsi və sadə bir görünüş qazanmasıdır.

  Rəsulullah (s.ə.s.) yeni bir paltar geydiyi zaman: "Övrət yerimi örtdüyüm və özüylə gözəl göründüyüm bu paltarı mənə geydirən Allaha həmd olsun", duasını oxuyar sonra da; "Yeni bir paltar geyərkən bu şəkildə həmd edən və köhnə paltarını da sədəqə verən kimsə, həyatda Allahın qoruması altında olar", buyurardı. (Tirmizi, Dəavat, 107) Bir başqa rəvayətdə də qadın paltarının təməl xüsusiyyətinin, "bədən xəttlərini bildirməməsi" olduğuna diqqət çəkir. (Heysemi, V, 137)  Belə ki, bədəni göstərə biləcək paltarın altına və ya üstünə mütləq başqa bir şey geyilməlidir. Cənabı Haqq belə buyurur: "Ey Peyğəmbər! Arvadlarına, qızlarına və möminlərin qadınlarına söylə (cəmiyyət içinə çıxdıqların zaman) üst paltarlarını geyinsinlər! Bu, onların (iffətli qadınlar olaraq) tanınmalarını və narahat edilməmələrini təmin edər. Şübhəsiz, Allah, çox bağışlayıcı, rəhmət edəndir". (əl-Əhzab 33/59) Bu ayəyi kərimədə, Müsəlman xanımların evlərindən çıxarkən üstlərinə bədən xəttlərini bildirməyəcək bir üst geyiminin geyilməsi, ev paltarları ilə küçəyə çıxmamaları əmr edilir. Bütün təfsirçilər, təbirləri dəyişik olsa da, məfhumda birləşərək ayədəki "cilbab"dan məqsədin, qadının paltarları üzərinə geydiyi və bütün bədənini örtən bir paltar olduğunda ittifaq etmişlər. Bu səbəblə zamanımızda qadınların çölə çıxarkən ev paltarlarının üzərinə palto, manto və buna bənzər bir paltar geyinmələrinin vacibliyinə işarə edilir.  Ayə, sətri-övrətlə yanaşı, örtünmənin tam şəklini də təsvir edir.

     Geyim keçimdə qadınlarla kişilərin bir-birlərinə bənzəmələri də qadağan edilmişdir. Rəsulullah (s.ə.s.), qadın kimi geyinən kişilərin və kişi kimi geyinən qadınların, rəhməti-ilahiyyədən uzaq qalacaqlarını bildirmişdir. (Əbu Davud, Libas, 28). Rəhmət Peyğəmbəri, qarşı cinsin geyim keçimini seçənlərə bu şəkildə xəbərdarlıq etməsi, hər şeydən əvvəl paltarın sadə bir şəkildən ibarət olmadığını göstərir. Ayrıca cinslər arasındakı duyğusal münasibətlərin pozulmasının da geyim keçim təqlidi ilə başladığı məlumdur. İndiki vaxtda cinslərin bənzəməsini daha da inkişaf etdirmək və yaymaq məqsədiylə çox xüsusi və ciddi səylər edilir, böyük sərmayələr qoyulur və guya iqtisadi rahatlıq təmin etmək üçün həm kişinin, həm də qadının geyə biləcəyi geyimlər hazırlanıb satışa çıxarılır.  Bu korlanma, ancaq Peyğəmbərimizin xəbərdarlıqlarını ciddi qəbul edib, lazım olanı yerinə yetirməklə önlənə bilər.

        Digər tərəfdən, örtünmə və təbii bəzənmə kimi iki əsas məqsədə xidmət etməyən, nümayiş etdirməyə çalışan və qürurlanmağa səbəb olan paltar da qadağan edilmişdir. Bu xüsusla əlaqəli hədislərdən bəziləri belədir: "Kim dünyada şöhrət paltarı geysə, Allah Təala ona qiyamət günündə cəhənnəm odundan paltar geydirər". (İbni Macə, Libas, 24) "Allah, böyüklük göstərərək paltarının ətəklərini yerdə sürüyən kimsənin qiyamət günündə üzünə baxmaz". (Buxari, Libas, 1,5)

       Hədislərdə zikr edilən "şöhrət paltarı" təbiri iki baxımdan şərh olunur: Adamın insanlar arasında geyimi ilə şöhrət və san qazanması, dəbdəbəli və cazibədar paltarlar geyməklə, ya da köhnəlmiş paltar geyərək, zühd və təqva nümayişi ilə də təzahür edə bilər.

     

Böyüklük göstərmək və nümayiş etmək kimi mənfi hərəkətlərlə yanaşı, geyim keçimdə israfdan da qaçınılmalıdır. Necə ki, Peyğəmbərimiz; "İsraf etməmək və qürurlanmamaq şərtiylə yeyin, için, sədəqə verin və geyinin". (Buxari, Libas, 1) buyurur. Böyük səhabə İbni Abbas da; "Qürur və israf xətasına düşmədiyin müddətcə dilədiyini ye, dilədiyini gey!" demişdir. (Buxari, Libas, 1) Günümüzdəki kimi mağaza-mağaza gəzib zamanı boş yerə xərcləmək böyük israfdır, bahalı paltarlar, marka düşkünlüyü ailənin büdcəsinə bir zərbədir. Geymədiyimiz paltarları təmiz və geyilə bilən olmaq şərtilə ehtiyac sahiblərinə vermək xeyirli bir işdir. Rəsulullah (s.ə.s.) in tövsiyə və əmrlərindən aydın olur ki, geyim-keçimdə moda və lüksün deyil, yaraşma və uyğunlaşma əsas  olmalıdır. Necə ki, saçı uzun olanın baxımına diqqət göstərməsini istəyən Peyğəmbərimiz təmiz və səliqəli geyimi tövsiyə etmişdir. Onun bütün tövsiyələrini yerinə yetirdiyimiz müddətdə bizim üçün həm dünyada, həm də axirətdə  qurtuluş vardır.

 

 


Əlif Güldar
Bu yazıya 1353 dəfə baxılıb.