İlk haram ay - Məhərrəm


i.f.dr. Sevinc Aslanova
Bu yazıya 11 dəfə baxılıb.

Hicri təqvimində yer alan “Məhərrəm” ayı müharibənin, döyüşün qadağan edildiyi dörd aydan biridir.

Ərəb dilində “muharrəm” sözü “haram edilən, qadağan edilən, hörmət edilən” mənalarını ifadə edir.

Qurani-Kərimdə özünü müdafiə məqsədi xaric, döyüşün haram olduğu aylardan söz edilərək, bu aylara hörmət edilməsi əmr edilmişdir (Bəqərə 2/191, 194, 217; Maidə 5/2, 97; Tövbə 9/5, 36). Hz. Muhamməd (s.ə.s.) haram ayları Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəb olaraq açıqlamışdır (Buxari, “Məğazi”, 77; “Tevhid”, 24; Müslim, “Qasamə”, 29). İbn Abbasdan gələn başqa bir rəvayətə görə, Fəcr surəsində üzərinə and içilən “fəcr”dən məqsədin Məhərrəm ayı olduğu bildirilir. Eyni surədə yenə üzərinə and içilən on gecənin məhərrəm ayının ilk on gecəsi qəbul edildiyi də bildirilmişdir (Təbər, xxx, 107). Hz. Peyğəmbər (s.ə.s.) Məhərrəm ayını “Allahın ayı” olaraq açıqlayıb, Ramazandan sonrakı ən fəzilətli orucun bu ayda tutulan oruc olduğunu ifadə etmişdir (Müslim, “Sıyan”, 202-203).

Məhərrəm ayının onuncu günü “aşurə” (yəni, onuncu) deyə adlandırılır. Ramazan orucunun fərz olmasından əvvəl, Hz. Muhamməd (s.ə.s.) bu gündə bir neçə dəfə oruc tutmuşdur, müsəlmanlara da tutmalarını əmr etmişdi. Ramazan orucunun fərz olmasıyla birlikdə bu orucu istəyənin tuta biləcəyini bildirdi. Ancaq Hz. Muhamməd (s.ə.s.) Məhərrəm ayının sadəcə onunda deyil, doqquz və on birinci günlərində də oruc tutulmasını tövsiyyə etmişdir (Buxari, Savm, 69). Bunun səbəbi eyni orucu tutan yahudilərə bənzəməmək idi.

Hz. Hüseynin və ailəsi daxil 70 müsəlmanın hicrətin 61-ci ili 10 Məhərrəm tarixində Kərbəlada zalımcasına şəhid edilməsi üzərinə Məhərrəm ayı başqa bir məna qazandı. Məzhəb fərqi olmadan, bu gündə bütün müsəlmanlar Kərbəla şəhidlərini anır və hüzünlərini, matəm günü olaraq qeyd edir. Bununla yanaşı, həmin gündə baş verən dəhşəti dilə gətirən şeirlər və digər ədəbi əsərlər də yazılmışdır.


i.f.dr. Sevinc Aslanova
Bu yazıya 11 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Onları Qovmayın!
  • İlk haram ay - Məhərrəm