Könül İqlimindən İncilər


Osman Nuri Topbaş
Bu yazıya 15 dəfə baxılıb.

Həzrəti Mövlanə  "Məsnəvisində" belə buyurur:

“Ey insan, dünyadan bir – birinə əks olan iki səs gəlir. Görəsən, sən hansını eşitməyə daha meyillisən? O səslərdən biri Allaha yaxınlaşanların, digəri isə aldananların halıdır. Əgər bunlardan birini qəbul etsən, o birini heç eşitməzsən. Çünki sevən insan sevdiyinin xoşlamadıqlarına qarşı hörmət bəsləyir”.

Mövlanənin bəhs etdiyi bu iki səsdən biri dünyaya meyil, digəri isə axirəti seçməkdir. Bunlardan birindən hansını seçsən, digərindən məhrum olarsan. Yəni bir qəlbdə dünyaya dəvət səsi yer alıbsa, artıq ona axirət nəsihəti təsir etməz. Lakin axirətə dəvət səsi bir qəlbdə yerləşərsə, dünyaya dəvət səsi ona hər zaman yad gələr.

Allah Təala göndərdiyi kitablar və peyğəmbərlərlə bizə hər zaman axirəti xatırlatmış, fani ömür sərmayəsini əbədi səadət yolu olan Allah yolunda sərf etməyimizi arzulamışdır. Çünki axirəti unudan kimsə, əslində, özünü unutmuşdur. Qarşılaşdığı bir hadisəni axirət pəncərəsindən görməyi bacarmayan insan şeytana yoldaşlıq etməkdən qurtula bilməz. Getdiyi yolda hər zaman uğursuzluqlara rast gələr. Daima nəfsani arzularının əsarəti altında yaşayar. Könlü dünyəvi ehtiraslarla pərişan olar.

Axirəti unudan insanın mərhəmət payı da yoxdur. Özündən başqasını düşünə bilməz. Əgər o insan zəngindirsə, özünü hər şeyin sahibi hesab edər, kimsənin xəbərdarlığına etibar etməz, insana dəyər verməz. Məsələn, bir kasıb qapısına gələndə onunla istehza edər, onu kiçildər. “O, özündən küssün” - deyər, Allahdan asılı olduğu ağlına gəlməz.

Axirəti unudan insanın ədalət tərəzisi olmaz. O, artıq hər şeyi dünyəvi və öz mənfəətinə görə qiymətləndirir. Sözündə və hərəkətlərində əsla haqq, fəzilət, mərhəmət, cömərdlik və fədakarlıq göstərməz.

Qısaca, axirəti unudan insan, fərasət sahibi deyil, ağlı qıt insandır. Çünki onun düşüncəsinin yetdiyi son nöqtə, bu dünyadakı son nəfəsidir. Onun gələcəyi üçün heç bir narahatçılığı, hazırlığı da yoxdur.

Qafil insan hər zərrəsi fanilik möhürü daşıyan bu dünyada əbədiliyi arzu etməklə, əbədi səadətin Rəbbimizin rizası istiqamətində yaşamaqla gerçəkləşəcəyini unutmaqdadır. Həmçinin dünyada hüzuru, səadəti arzulamaqda və Rəsulullahın buyurduğu bu həqiqəti unutmuşdur.

“Kimin arzusu axirət olarsa, Allah onun qəlbinə zənginliyini qoyar və işlərini yerli – yerində edər. Artıq dünya boyun əyərək onun ardınca gələr.

Kimin hədəfi də dünya olarsa, Allah ona kasıblıqla bərabər, işlərini də darmadağın edər. Nəticə olaraq dünyadan qalan ona təqdir ediləndən başqa bir şey olmaz”.

Buna görə də qəlblərimizin nəyə meyilli olduğunu bir daha düşünmək lazımdır. Qəlbimiz bizi nələrə sövq edir? Nə üçün üzülüb, nə üçün sevinirik? Sevinc və kədərimiz daha çox əbədi həyatımız olan axirət, yoxsa keçici mənfəətləri olan dünya üçündür?

Bu mənada Loğman Həkimin bu sözü nə qədər mənalıdır:

"Axirət üçün dünyanı fəda et, hər ikisini də qazanarsan. Dünya üçün axirətini ziyan etmə, hər ikisini də itirərsən".

Unudulmamalıdır ki, səadətin ilk şərti, Allaha qul olmaqdır. Haqdan uzaq qalanların, istədiyi kimi yaşayıb dünyanın dadını çıxarmaq deyə anladıqları səadət, imanlı könüllər üçün acı bir aldanış və səfalətdir. Dünya nemətləri sahibinə axirət işığı olmalıdır. Dünyadakı fani imkanları, axirətin sonsuz səadət sərmayəsi edə bilməkdən daha böyük bir hünər ola bilərmi?!

Lakin indiki vaxtda maddi rifahın yüksəlməsinə baxmayaraq, ailədaxili narahatlıqların artdığına, dolanışıqsızlıq və ruhi böhranların çoxaldığına, təəssüf olsun ki, şahid oluruq. Heç şübhəsiz ki, bunlar mənəviyyatdan uzaqlaşma və nəfsani həyata dalmağın ağır sonudur. Yəni dünyanı axirətdən üstün tutmağın qəmli nəticələridir.

Televiziyaların nəfsaniyyəti təhrik edən proqramları, internetin əxlaqsızlıq saçan yanlış ünvanları, modaların və reklamların ehtirasları qamçılayan aldatmaları, məhəllə və küçələrin sanki ilahi əzaba düçar olan Pompey küçələrinə dönməsi, insanların daxili aləmlərini alt-üst etdiyindən, məmləkətimizdəki bir qisim insanların mənəvi mənzərəsi, sanki bir səhra xəstəxanasını xatırladır.

Maddi zəlzələlərin ziyanı müəyyən ölçüdə kompensasiya edilə bilər, lakin ruhlarda yaşanan iman və əxlaqi sarsıntılara qarşı lazımlı tədbirlər alınmazsa, cəmiyyətlər mənən həlaka sürüklənməkdən xilas ola bilməzlər... Bu gün də axirət narahatlığından uzaq bir dünya istənilir. Dünya təkrar bir cahiliyyə dövrü yaşayır. Bu cahiliyyə qarşısında bizim ağır bir məsuliyyətimiz var.

Bizim ən böyük məsuliyyətimiz çata bildiyimiz hər yerə gedib Əhli-Quran, Əhli-Sünnə əhli-istiqamət üzrə insanlar yetişdirməkdir. Allahın yer üzündə şahidi, yəni İslamın nümayəndəsi olacaq saleh və salehə bir nəsil yetişdirməkdir. Qiyamət günü Rəsulullahın (s.ə.s.) gül üzünü təbəssüm etdirəcək sadiq bir ümmət yetişdirməkdir. Peyğəmbərimizin Vida Xütbəsindəki:

"... Əsla (günah işləyərək) üzümü qara çıxarmayın!.." - əmrinə səmimiyyətlə riayət edən qəlblər yetişdirməkdir.

Bu şəkildə Allahın bizə lütf etdiyi hidayətin əvəzini ödəməyə səy etməkdir. Bu səbəbdən bu gün, xüsusilə dindar ana-atalar, başlarını iki əllərinin arasına alıb düşünməlidir:

Övladlarımıza hansı təhsili veririk? Onlar, həqiqətən, bizim övladımız olaraqmı yetişir? Onların şəxsiyyət və xarakterini hansı ətraf mühit şəkilləndirir? Onların qəlb aləmlərində, ideallarında, hədəflərində hansı modellər, hansı şəxsiyyətlər var? Uşaqlarımız televiziya, internet, kompüter və cib telefonlarından istifadə edərkən, bu cihazlar övladlarımızı hansı istiqamətə yönəldir? Təəssüf ki, övladlarımızın çoxu bu cihazların açdığı yollarda itib gedir.

İndiki vaxtda övladlarımızın ictimai mediaya olan asılılığı az qala içki və qumar asılılığını ötüb keçib. Ağacın yaş ikən əyiləcəyini bildiyimiz halda, övladlarımızın şiddətlə dolu olan oyunlarla qəlb aləmlərini necə bərbad edəcəklərinin fərqindəyikmi? Belə virtual oyunlarla, o saf beyinlərin şüur altında necə bir hissiyyat əmələ gəlir, düşünürükmü?

Bu səbəbdən bu gün övladlarımıza qarşı məsuliyyətimizdə, dünya və axirət tarazlığını qorumağa laqeyd yanaşmayaq. Dünyəvi diplomlar yanında, uxrəvi diplomlara daha çox əhəmiyyət

göstərək. Gözəl bir qulluq içərisində ömür sürüb rızayi-ilahini qazanaraq əbədiyyət yolçuluğuna çıxmaları üçün balalarımıza xalisanə dua edək. Heç bir zaman unutmayaq ki, gələcəyi verən Cənabı-Haqdır!

"- Etdiyimiz dualar nə üçün qəbul olmur?" - deyə soruşanlara Həzrəti İbrahim ibn Ədhəm bu cavabı vermişdir:

"- Cənabı-Haqqı bilirsiniz, amma Onun buyurduğunu etmirsiniz.

- Peyğəmbəri bilirsiniz, sünnələrini yerinə yetirmirsiniz.

- Quranı oxuyursunuz, əməl etmirsiniz.

- Haqq-Təalanın nemətlərini yeyirsiniz, şükür etmirsiniz.

- Cənnəti bilirsiniz, onu istəməyi bilmirsiniz.

- Cəhənnəm vardır deyirsiniz, ondan layiqincə çəkinmirsiniz.

- Ölüm vardır deyirsiniz, amma ona hazır deyilsiniz. Bu qədər çatışmayan cəhətlərlə duanız necə qəbul olsun?!"

Axirətimizi qurtarmağın yeganə sərmayəsi olan bu fani dünya həyatında unutmayacağımız ən mühüm dualardan biri də hüsni-xatimə ilə can verə bilməyi diləməkdir. Çünki ayəyi- kərimədə Rəbbimiz:

"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olaraq (müsəlman kimi) ölün!" (Ali-İmran, 102) buyurur.

Rəbbimiz, hər birimizə təqva üzrə yaşayıb hüsni-xatimə ilə can verə bilməyi nəsib etsin. Amin!


Osman Nuri Topbaş
Bu yazıya 15 dəfə baxılıb.