Günahkar kimdir?


Xədicə Şahin
Bu yazıya 19 dəfə baxılıb.

Qaynanaya nə etməli?

Qaynar qazana atmalı.

“Yandım, gəlin!” dedikcə,

Altına odun atmalı.

Uşaqlığımızda toylarda çalğıçılar bu mahnıları söyləyər, gəlinlər və gənc qızlar da xoşlarına gəldiyi üçün gülərək dinləyərdilər.

Keçən illərdə yayımlanan “Yarpaq tökümü” adlı televiziya serialı gənclərin, gəlinlərin qayınanaya olan baxışını dəyişdi. Hətta qayınanaya olan hörmətin itirilmədiyi Türkiyədə belə, bu serial yayımlandıqdan sonra bir gəlin vəfat etmiş qayınanası üçün: “Ah! Bu serial qayınanam yaşayanda olsaydı, ona gününü göstərərdim!” – sözlərini demişdi. Mahnılarla, seriallarla, yarışma proqramlarıyla gəlin-qayınana münasibətləri yeni bir forma alıb. Bu müsibətin nə formada olduğunu öyrənmək çətin deyil. Cəmiyyətdə olan bir neçə nəsil ilə görüşmək, onları uzaqdan izləmək kifayət edir.

Məktəbli gənc qızlarla dərs keçirdik. Bu dərslər sayəsində gəncliyin nəbzini tutma şansını əldə etdim. Bir həftə mövzumuz gənclərin laqeyd yanaşdığı bir məsələ - ana-ata haqqı barədə oldu. Sanki gənclərin yaralarına toxundum. Xüsusilə analarından çox narazılıq etdilər. Gənclərdən biri: “Anam elə hey iş buyurur, birini etməsəm əsəbləşir” – deyirdi. Digər gənc qız: “Otursam niyə oturursan, uzansam niyə uzanırsan, gəzsəm niyə gəzirsən, əlindən bir iş gəlmir” - deyərək, bütün gün məni danlayır. Gənclərə buyurulan işin nə olduğunu soruşduqda, qabları yumaq və ya həftə soru evi təmizləmək olduğunu dedilər. Hətta onlardan biri “Mən qab yumağı bilmirdim, anam bir aylıq Türkiyəyə gedəndə öyrəndim” – dedi. Gəncləri bu qədər tənbəl böyüdən kimdir?

Qrupumdakı qızlardan “ananızla problem yaşayırsınızmı?” – deyə soruşduqda onlardan biri: “Mən heç problem yaşamıram” – dedikdə çox təəccübləndim. Çünki onların ən ipə-sapa gəlməyənindən belə bir şey gözləmirdim. Necə? - deyə soruşduqda: “Çünki evdən səhər çıxıb, gec gəlirəm, ona görə dava etməyə vaxtım qalmır. Evə gələn kimi otağıma keçib yatıram” – dedikdə, işin əslini başa düşdüm. İçlərindən ailəsinin nəzarəti altında olan, əmanət şüuruna sahib olan ata-ananın qızı: “Anası çox müasir fikirli, Amerikanı görmüş qadındır, icazə verir” – deyərək, öz anasının da elə olmasını arzulayaraq, yanındakı yoldaşına baxdı. Belə azad olmağın cəzasını daha sonra kim çəkəcək?

Dərsdə mövzunu ana-ata haqqından qayınana-qayınata mövzusuna gətirdikdə, hamısı birlikdə: “Allah qorusun, əsla qayınana istəmərik” – dedilər. Məhz o vaxt cəmiyyətin nəbzi hansı yönə çevrilib başa düşürsünüz. Mən: “Niyə istəmirsiz?” – deyə soruşdum. Onlardan biri: “Evlənəcəm və evdə yad insanlar (qayınana və qayınatanı nəzərdə tutur) olacaq, necə rahat

olaram?” Mən: “Bəs indi ana-atanla yaşayırsan, rahat ola bilirsən?” – sualını yönəltdikdə: “Onlar mənim öz anam-atamdır, təbii ki, narahat olmaram” – dedi. “Onlar da sənin anan-atan kimi olacaq” (Təbii ki, onların evlənəcəkləri oğlanın ana-atası olduğunu unudurlar). Qızlar: “Əsla anam-atam kimi ola bilməz, biz qayınana istəmirik”- dedilər. Qayınananı hələ evlənmədən öncə düşmən kimi göstərən kimdir?

Aralarında axıska türkü olub, Orta Asiyada böyüyən bir gənc qızımız: “Niyə qayınana ilə yaşıya bilməyək ki, mən yaşamaq istəyərəm. Onlar təcrübəlidirlər, bizi öyrədəcəklər, evlənəndə bizi həyata hazırlayacaqlar” – dedi. Bu gənc qız böyük bir ailədə nənə, baba, əmi, bibi ilə böyümüş biridir. Bu gənc qızda bu qavrayışı yaradan kimdir?

Yenə gənc qızlara qohumluq haqqında hədisləri oxuduqda, demək olar ki, hamısı ata tərəfi ilə aralarının pis olduğunu söylədilər. “Niyə nənənizi, bibinizi sevmirsiniz? Dava etmisiniz? – dedikdə, “Biz dava etməmişik, amma anamızla yaxşı deyillər, anamızı sevmirlər” – deyərək, sanki dərdlərini açdılar. Gəlin-qayınana, gəlin-baldız arasındakı mübahisələrdən uşaqlar da təsirlənib qohumluq münasibətlərini kəsirlər. Qohumluq münasibətinin kəsilməsinə səbəb olan kimdir?

Türkiyədə tanıdığım bir qadın qayınana tərəfini heç sevmir. Uşaqlarında da nənə, bibi, əmiyə qarşı soyuqluq var. Bu qadının öz qohumları ilə də problemləri çıxmağa başladı və uşaqlar da artıq dayı və xala ilə görüşmürlər. Qadın həyatda tək qaldığı kimi, uşaqları da tək qaldı. Uşaqların tək qalmasına səbəb olan kimdir?

Hər zaman gəncləri günahlandırır, onları tənqid hədəfinə tuturuq. Bəs o hədəfə atılan oxları geri çevirdiyimiz zaman oxlar kimi göstərir? Təbii ki, valideynləri. Yuxarıdakı nümunələrə baxdığımız zaman “Hörmətə ən çox layiq olan anan, anan, anan sonra isə atandır”- deyə, buyuran Peyğəmbərimizin (s.ə.s.) hədisinə baxdıqda tərbiyədə də ən böyük səhlənkarın öncə ana, daha sonra atanın olduğunu görürük. Media onsuz da əxlaqi dəyərləri yox etmək üçün əlindən gələni edir. Buna bir də ana – atalar qoşulduğu zaman uşaqlar başqasının yaşadığı həyata meyil edən şəxsiyyətsiz biri olaraq böyüyürlər.

Böyüklərə, anaya, ataya, qayınanaya, qayınataya hörmət bizə həm islam dininin əmri, həm də cəmiyyətimizin əxlaqını əks etdirən ən böyük dəyərdir. Talas döyüşündə ərəblər islamı yaymaq üçün Türküstana gəldikləri zaman türklərin böyüklərə olan hörmətini gördüklərində “onlar islamı qəbul etməsələr də, əxlaqları müsəlman əxlaqı kimidir” - demişdilər. Nə oldu ki, həm hörməti, sevgini, həm də mədəniyyətimizi itirdik.

Oğlum dünyaya gəldiyi zaman ağlıma ilk gələn “Aman Allahım necə olur ki, bir qadın yoldaşını anasından qopara bilir. O ana ki, həm bədənən, həm də ruhən övladına görə necə fədakarlıqlar edib”- düşüncəsi olmuşdu.

“Anasına bax, qızını al” atalar sözü necə də doğrudur. Əgər bir ananın öz qayınanası ilə münasibəti yaxşı deyilsə, böyük ehtimal onun qızı da elə olacaq. Əziz analar! Gəlin,

duyğularımıza, könlümüzə hakim olub övladlarımızın nə birinci dərəcəli qohumu olan ata tərəfiylə, nə də evləndikdən sonra öz qohumları ilə əlaqələri pozmayaq. Yoxsa onları cənnət qoxusundan məhrum buraxmış olarıq.

“Ana – ataya qarşı asi olmaqdan da çəkinin! Yoxsa cənnət qoxusu min il uzaq məsafədən alınar. Ana – atasına asi olan, qohumlarla əlaqəni kəsən və ətəyini (paltarını) qürürlanaraq sürüyən kimsə bu qoxunu hiss edə bilməz (Cənnətdən uzaq qalar). Qürurlanmaq yalnız Aləmlərin Rəbbi olan Allaha məxsusdur” (Buxari, Müslim, Tirmizi).


Xədicə Şahin
Bu yazıya 19 dəfə baxılıb.