Qasım ibn Muhamməd (r.a.)


Samirə Mahmudova
Bu yazıya 11 dəfə baxılıb.

Həzrəti Kasım ibn Muhamməd (r.a.) Əbu Bəkir Sıddıqın (r.a) nəvəsidir. Hz. Osmanın xəlifəliyi dönəmində, güman ki, hicri 30-cu ildə (miladi 650) doğulmuşdur. Kiçik yaşda atası şəhid olunca, xalası Hz. Aişənin himayəsi altında böyümüş, böyük bir alim olmuşdur. Ona verilən 100.000 dirhəm qənimət malına heç əlini vurmadan kasıblara paylamışdır. Maddi çətinlik və ehtiyac içində olduğu zamanlarda belə ona verilən malları Allah yolunda xərcləyərdi. Hz. Aişədən başqa Əbu Hüreyrə, İbni Abbas və Səlman Farisi kimi səhabələrdən elm və feyz almışdır. Tabiun nəslinin böyüklərindən və yeddi fəqihdən biri sayılır.

Həzrəti Qasım ibn Muhamməd belə deyərdi: “Ən böyük günahlardan biri, insanın günahını xəfif görməsidir”. Ondan bilmədiyi bir xüsusda sual soruşulanda, “Bilmirəm!” – deməkdən çəkinməz, yalnış bir hökm verib Allahın qəzəbini cəlb etməkdən qorxardı. Ondan çox sual soruşulanda da:

“- Vallahi, soruşduğunuz şeylərin hamısını bilmirik! Bilsəydik sizdən gizləməzdik, onsuz da gizləməyimiz də halal olmaz”,-deyərdi.

Qasım ibn Muhammədin (r.a.) fətvalarına bir örnək olaraq, insanın ağıl və ruh sağlığının təmini və yolçuluqda dəvələrin sürətləndirilməsi kimi qanuni məqsədlər üçün musiqini caiz görməsi zikr edilə bilər.

Abdulmalik ibn Mərvan öldüyü zaman Ömər ibn Abdulaziz çox qəmgin olmuş və yetmiş gün yas tutmuşdu. Bunu eşidən Qasım Xəlifənin yanına gələrək:

“Bilmirsənmi, böyüklərimiz faciəyə də, nemətə də eyni gözlə baxardılar. Nemətə acizliklə şükür, müsibətə də dözüm göstərib xeyrə yozardılar”.

Bu nəsihəti bəyənən Ömər ibn Abdulaziz, Həzrəti Qasım ibn Muhammədə xüsusi hörmət bəsləməyə başlamışdı. Çünki onun sayəsində qəlbinə dünyadan zöhd anlayışı dolmuşdu.

Qasım ibn Muhamməd etiqadi məsələlərdəki tərəddüdləri, özəlliklə qədəri inkar edənlərin lazımsız fikirlərini xoş qarşılamaz və bunlarda israr edənlərin də lənətlənəcəklərini söyləyərdi.

Ona verilmiş yüz min dirhəm qənimətə toxunmamış, bununla yanaşı, onların hamısını kasıblara paylamışdı. Hətta sıxıntılı, dar günlərində də ehtiyacı olduğu halda, ona verilən zəkat malını da kasıblara paylayardı. Bir gün yenə zəkatı paylayanda namaz qılmağa başladı. Yanında duranlar öz aralarında danışmağa başladılar, hərə bir söz dedi. Oğlu da bele dedi:

“Siz zəkatınızı elə birinə verdiniz ki, özünə o zəkatdan heç bir pay ayırmadı”.

Qasım bu sözü eşidər – eşidməz namazını bitirib oğluna:

“Oğlum, bildiyin şey haqqında danış, bilmədiyin mövzularda dilinə hakim ol”,- dedi. Qasım bu sözləri ilə əslində oğluna hər doğrunu hər yerdə söyləmək lazım olmadığını öyrətmək istəmişdi. Düzdür, oğlunun dedikləri həqiqət idi. Lakin o özünün təriflənməsindən narahat olurdu.

Bir bədəvi gəlib ona:

“Sənmi çox biliklisən, yoxsa Səlimmi?” deyə soruşdu.

Bu Səlim yəqin ki, Hz.Ömərin nəvəsidir. Qasım çox qəliz sualla üz – üzə qalmışdı. Mən daha bilikliyəm desə nəfsinə uymuş olacaqdı. Bu ona yaraşmazdı. Səlim məndən daha biliklidir desə, yenə də işin əsli elə deyildi. Çünki Səlimin bilgisi ondan daha az idi. Ən doğru qərar verməli idi. Qasım ibn Muhamməd belə dedi:

“Səlim, həqiqətən, hörmətə layiq, dəyərli insandır”.

Ömrünün son illərində ölüm ayağında olan Qasım ibn Muhammed (r.a.), hicri 107-ci ildə (m.726) bir həcc, ya da bir ümrə üçün Mədinədən Məkkəyə doğru yol almışdı. Kudeyd mövqeyinə gəlincə xəstələnir və vəfat edəcəyini anlayaraq oğluna:

“ – Məni içində namaz qıldığım, yəni üzərimdəki bu paltarlarımla, köynəyimlə kəfənləyin”,- dedi.

Oğlu da atasına:

“ – İkiqat kəfən etsək olmazmı?”- dediyində:

“ – Oğlum, babam Həzrəti Əbu Bəkir də bu üç parça paltar ilə kəfənləndi. Bizim üçün ölçü onlardır. Yaşayanlar paltara ölülərdən daha çox möhtac və layiqdir”,- dedi və orada vəfat etdi, Müşəlləldə dəfn edildi.

Həzrəti Qasım ibn Muhammədin Abdurrəhman, Ümmü Fərvə, Ümmü Hakim və Abdə adında uşaqları vardı. Cəfər Sadiq, Ümmü Fərvə adında qızından olan nəvəsidir.


Samirə Mahmudova
Bu yazıya 11 dəfə baxılıb.