MÜSAHİBƏ


Bizim AİLƏ
Bu yazıya 1220 dəfə baxılıb.

Dr. Sabirə Dünyamalıyeva

Sabirə xanım zəhmət olmasa özünüz haqqında bizə qısa məlumat verərsinizmi?

  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləyirəm, Sənətşünaslıq doktoruyam. Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 60 – dan çox məqalənin, monoqrafiyanın, 70 – dən çox sərgi, fərdi sərgi və stendin müəllifiyəm.

Milli geyimlərimizin tarixi haqqında bizi bilgiləndirə bilərsinizmi?

  • Milli geyimlərimiz tarixi geyimlərimiz əsasında XVII əsrin ortalarından etibarən formalaşmağa başlayaraq, XIX əsrdə tam sabitləşib. Xanlıqlar dövründə məhəlli xüsusiyyətlər qazanıb. Hər xanlığın xanımlarının özünəməxsus geyim üslubu meydana gəlib. Bu formanı maddi imkanından asılı olmayaraq hamı geyimində tətbiq etməli idi, geyimdə fərq ancaq onun material və rəng seçimində, taxma, asma, tikmə bəzəklərində idi.

Azərbaycanımızın bölgələrində istifadə olunan geyimləri necə qruplaşdırmaq mümkündür?

  • Gəncə – Qarabağ, Bakı, Şamaxı – Şirvan, Lənkəran, Naxçıvan, İrəvan, Borçalı, Şəki...

Milli geyimlərdə istifadə olunan rəng və naxışlar təsadüfən seçilib, yoxsa hansısa mənaları bildirir?

  • Araşdırmalar onu göstərir ki, insan yaradıcılığına daxil olan heç bir məqam təsadüfi deyil…Geyimin rəng seçimi də, naxışları da bir məna ifadə edir. Məsələn, innabı rəngi zadəganlar geyərmiş. Əzim Əzimzadənin belə bir karikatürü var “İnnabı rəng bizə məxsusdur…”. Burada innabı rəngli geyim geyinmiş kasıb bir qadını yolda vurub, yıxıblar. Kənarda, fəxarətlə bu səhnəni izləyən kübarlar dəstəsi təsvir olunub.
  • Rəng seçimi insanın yaşadığı mühitə bağlılığını, təbiətlə tamlığını təcəssüm etdirir. Məsələn, kənd mühitində al – əlvan rənglərə, geyimlərdə əsasən nəbati naxışlara üstünlük verilsə də, şəhər mühitində nisbətən tox rənglər, çox vaxt saya parçalar istifadə olunmuş, naxışlarda isə həndəsi ornamentlərə üstünlük verilmişdir. Naxışların hər biri bir fikir, məna ifadə edir. Dədə Qorqud dastanında Qazan xan “Beyrəyin gömləgini nişanlısına aparın, o tikib, nişanlarını da, o bilir” deyir. Hər işarə bir simvolika, bir məna ifadə edir. Ornamentlərlə bəzədilmiş hər bir maddi mədəniyyət nümunəsi biri, tam olaraq bir dastan, bir hekayə danışır.

Milli geyimlərimizi digər xalqların milli geyimlərindən ayıran əsas məqamlar hansılardır?

  • Yığcamlıq, konkretlik, simmetriklik, qanunauyğunluq, mütənasiblik…burada təsadüfi heç nə yoxdur.

Müasir geyimlərimizdə milli geyimlərimizə bənzərlik varmı? Ya da bənzərlik olarsa necə olar?

  • Müasir geyimlərimiz bizə aid deyil, çünki, təəssüf ki, bizim yüngül sənayemiz, onunla birlikdə də, moda sənayemiz yox səviyyəsindədir. Bənzərlik olarsa, xalqımız “öz sözünü” demiş olar…”öz fikrini ifadə etmiş” olar. Bir zamanlar iki yapon qardaş Amerika modasının önündə gedirdilər. Buna ancaq öz milli geyimləri olan kimanodan istifadə etməklə nail olmuşdular. Bizim isə bunun kimi ayrı – ayrı bölgələrə məxsus olan 10 geyim nümunəmiz var. Lakin bu səviyyəyə çıxa bilmirik.

Müasir qadınlarımıza geyimlərində nələrə diqqət etmələrinin vacib olduğunu söylərdiniz?

  • Bəlkə də bir neçə il əvvəl bu suala başqa cavab verərdim. İndi isə bütün qadınlara məsləhət görərdim ki, Allahın əmrlərinə uysunlar… Adət – ənənəni unutmasınlar… Xalqın mədəniyyətini yaşadan həmişə qadınlar olub. Millətin irəliləməsi, tərəqqi etməsi üçün onun qadın və qızlarının millətə, xalqa bağlı olması, əsas şərtdir. Bu barədə müqəddəs kitabımızda Səba mələkəsi Bilqeyslə Süleyman peyğəmbərin hekayətində də ibrətamiz bir hadisə təqdim edilir. Qadın, hətta dövlət başçısı belə ola bilər, qadına Allah belə potensial və imkan verib, lakin Allahı tanıması, ona şərik qoşmaması əsas şərtdir…

Dəyərli vaxtınızı bizə ayıraraq gözəl fikirlərinizi bizimlə bölüşdüyünüzə görə sizə  təşəkkür edirik.


Bizim AİLƏ
Bu yazıya 1220 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.