UNUDULMAZ FACİƏ


Mətanət Kərimova
Bu yazıya 1244 dəfə baxılıb.

Unudulmaz faciə

Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.

31 mart ikinci günlərdən idi. 

Erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin tədqiqi göstərir ki, bunlardan ən dəhşətliləri 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ, Ağstafa və s. ərazilərdə baş vermişdir. Bu cinayətləri planlı sürətdə 1918-ci ilin yanvarında rus-türk cəbhəsindən geri qayıdan və tərkibində çoxlu sayda ermənilər olan hərbi qüvvələr həyata keçirmişdir. S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin təhriki ilə yerli müsəlman əhaliyə qarşı həyata keçirilən bu soyqırımın əsas məqsədi neft və digər faydalı qazıntılarla zəngin olan Azərbaycanın, ilk növbədə isə Bakı və onun ətraf əhalisinin milli və dini tərkibini dəyişdirməklə bu əraziləri sovet Rusiyasına tabe etməkdən ibarət idi.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Mart hadisələri, əslində, bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.

1918–ci ilin martında ermənilərin Bakıda və bölgələrdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı əlbəttə ki, tariximizin hüznlü məqamlarından biridir. Amma indi Azərbaycan dövləti yalnız bu soyqırımı qurbanlarının xatirəsini yad etməklə, onu törədənləri lənətləməklə kifayətlənmir, prosesi məntiqi sonluğa çatdırmaq üçün bütün imkanlardan istifadə edir.
Tarixdə bəzi xalqlara, etnik qruplara qarşı müəyyən soyqırımı aktlarının həyata keçirilməsi hallarının olması bir həqiqətdir. O da həqiqətdir ki, belə halların bir daha təkrarlanmaması üçün beynəlxalq aləmin reaksiyası yetərli deyildir. Ancaq gec-tez bu, baş verəcəkdir. Çünki yer üzündə sabitliyin, əmin-amanlığın təmin olunması yolu məhz bu cür hüquqi və siyasi etiraflardan keçir.
  


Mətanət Kərimova
Bu yazıya 1244 dəfə baxılıb.