NÜMUNƏVİ RƏHBƏR


Sevinc ƏZİMBƏYLİ
Bu yazıya 1101 dəfə baxılıb.

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir. (Əhzab surəsi - 33/21)

             Müqəddəs kitabımız olan Qurani-Kərimdə bu mübarək ayələrdən aydın olur ki, sevgili Peygəmbərimiz (s.ə.s.) hər birimizin rəhbəridir. Həyatımız boyunca Hz. Məhəmməd (s.ə.s.)-in işıq tutacaq yolunu rəhbər tutaraq yaşamağımız,  imanımızın dəlillərindəndir. Hz.Məhəmməd Mustafa (s.ə.s.) insanlığın fəxridir. Belə ki, müsəlmanlar üçün  ən gerçək doğru olan həyatı o böyük varlıq nuru təmsil etmişdir. Könüllər Sultanı, axırın və əvvəlin seyyidi  olan Peyğəmbərimizin (s.ə.s.) göndərilişi Uca Allah Təalanın bütün yaradılmışlara bir mərhəməti və sonsuz lütfü ehsanından hədiyyəsidir. Onun Yaradılışı müstəsna olaraq, insanlığa lütf olunması bütün bəşəriyyətə ən böyük bəxtiyarlıq nümunəsidir. Allah və Onun Rəsulunun sevgisinə qovuşmaq üçün sevgili Peyğəmbərimizin əxlaqı ilə qidalanaraq  yaşamağımız  bizim mükəmməl müsəlman kimi formalaşmamıza səbəb olan ali dəyərlərdəndir. Onun ilahi nuru ilə nurlanaraq zülmətdən xilas olmaq mümkündür. Ruhun dərinliklərindən nəşələnən ilahi eşqin sevdalısı olan   rəhmət Peygəmbərinin örnək həyatı biz günahkar və aciz bəndələrə qurtuluş vəsiləsidir. Uca Allah Təala:   “Səni aləmlərə ancaq bir rəhmət olaraq  göndərdik”. buyurmuşdur. Bütün insanlığa rəhmət və bərəkət olaraq  göndərilən uca şəxs Hz. Məhəmməd (s.ə.s.) Allahın seçdiyi və sevdiyi Peygəmbər kimi ən ali zirvəyə yüksəlmiş elçidir. Sevgili Peygəmbərimizin  şəfqət və mərhəmət dolu davranışları bütün bəşəriyyətə qiyamətədək örnəkdir. “Mərhəmət edənlərə Rəhman olan Allah Təala mərhəmət edər. Siz yer üzündəkilərə şəfqət və mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət etsin”. Allah Rəsulunun bu mübarək kəlamı hər bir müsəlmanın mərhəmət və rəhm daşıyıcısı olmasının vacibliyini təsdiq edir. İslamın gətirdiyi təməl prinsiplərinə sahiblənən müsəlman Haqqı-Təalaya və onun Rəsuluna itaət etmiş olur. Belə ki, Qurani-Kərimdə “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur”. buyurulub. Digər bir ayədə isə “Kaş Allaha muti olaydıq, Peyğəmbərə itaət edəydik, deyəcəklər”. (Əl-Əhzab,66) çağırışı vardı. Aləmlərin fəxri olan Rəsulu-Əkrəm öz əxlaqı ilə nəinki müsəlmanların bütün millətlərin, fərqli din mənsublarının sevimlisinə və öndərinə çevrilmişdir. Sevdiyini Allah üçün sevməlisən prinsipini zehniyyətlərə əsrlərdir daşıyan Uca dinimizin var olma səbəbkarı daim var olan hər iki cahanın Seyyidi Hz. Məhəmməd Mustafa özüdür. Bu həsas mövzuda Rəsulullahın “Allah üçün sevən kimsə, möminlərin qardaş olduğunu düşünərək bütün müsəlmanları sevməli özü üçün arzu etdiyi şeyləri onlar üçün də istəməlidir”.  Digər bir mübarək kəlamında “Müsəlmanlar bir-birlərini sevmədikcə, gerçəkdən iman etmiş sayılmazlar” buyurmuşdur. İnsanlığın var olma səbəbkarı o uca könüllər Sultanı öz şəfaəti ilə hər iki dünyada yardımçımızdır. Axirət həyatına inanan, dünya həyatının keçici bir oyun, bir əyləncədən ibarət olduğunu dərk edən əsl inanaclı müsəlman Allahın sevgili elçisinin Hz. Məhəmməd (s.ə.s.)-in nümunəvi həyatından dərs alaraq, şərəfli və təqva dolu illərlə ömür sürməlidir. Allah Təaladan diləyirəm ki, öz izzəti cəlalına millətimizi və dövlətimizi Allah, Peyğəmbər və Əhli-beyt sevgisindən  ayırmasın. Amin !


Sevinc ƏZİMBƏYLİ
Bu yazıya 1101 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.