Qızılgül və gicitkan


Ruxsarə SÜLEYMANOVA
Bu yazıya 1634 dəfə baxılıb.

Bağçada açan qızılgül xoş ətri ilə hər kəsi bihuş edər, gözəl görkəmi ilə baxanların gözünü, qəlbini oxşayardı.

            Bağçanın başqa bir kənarında bir küncdə isə  gicitkan bitmişdi. Gicitkan hər səhər şehlə yuyunub günəş şüaları ilə qurulanan qızılgülə kibirlə belə dedi:

  • Ey qızılgül, hər səhər şehlə çimib yuyunursan, xoş ətrinlə yanından keçənləri məst edirsən. Eh, nə fayda insanlar səni dərib saxsı qaba qoyurlar, vaxtsız vədəsiz solub gedirsən. bir mənə bax yanımdan keçənləri dalayıram. Əl-ayaqlarını yandırıram. Odur ki, qorxudan heç kim mənə yaxın gələ bilmir. İstədiyim qədər də artıb çoxalıram.

Qızılgül xoş ahəngli səsi ilə dedi:

  • Ey gicitkan qardaş, dünya fanidir, ömürsə qısa. Pislik etmək, kimisə incitmək nəyə gərəkdir. Yanımdan keçən insanlar məni gözəl baxışlarla süzdükcə mən fərəhlənir, daha da gözəl ətir saçıram. Doğru deyirsən, onlar mənim qönçə güllərimi dərirlər, bu məni incitmir. Çünki onlar bu gözəl qönçələri doğmalarına, yaxınlarına hədiyyə edir, onların qəlbini sevindirirlər. Bu yolla neçə-neçə küsülülər barışır. Bütün bunları gördükcə mən daha da cavanlaşıram, öz cavan budaqlarımda yeni, ətirli güllər-qönçələr açıram.

Gicitkan kinayəli səs ilə qızılgülü susdurdu:

  • Yaxşı- yaxşı... Özün bilərsən, qoy qönçələrini dərib, budaqlarını qırsınlar. Heç vecimə də deyil. Mən isə artıb çoxalacağam, bütün bağçaya kol salacağam.

Beləcə bir müddət vaxt ötüb keçdi. Qızılgül xoş ətir saçıb gözəl arzularla yaşadığı halda gicitkan hər kəsi dalayıb incitmək məqsədi ilə bağçanın hər tərəfinə yayıldı, hətta qızılgülün ətrafını belə öz cənginə aldı. Onun gözəl budaqlarını dalayıb incidər, heç kəsi ona yaxın gəlməyə qoymazdı. Xislətinə uyğun əməlləri ilə qürrələnər, ədayla özünü öyərdi. Qızılgül gicitkanın bu ədalı, tikanlı hərəkətlərindən  usansa da, yenə də səbr edir, hər şeyə rəğmən yenə də ətir saçırdı.

Günlərin birində bağçaya gələn bağban ətrafı cənginə alan gicitkanları görəndə çox əsəbləşdi. Əllərinə qalın əlcəklər geyinib bütün gicitkanları kökündən çıxarıb atdı. Xoş ətirli, incə ruhlu qızılgülün ətrafı tərtəmiz oldu. Bir zamanlar hər tərəfə yayılıb kök salması ilə fərəhlənən gicitkan isə kökləri hər dəfə torpaqdan çıxarılanda canı yandı, qüssədən soldu.

Qızılgül onun bu halına kədərləndi. Amma əlindən heç bir iş gəlmirdi. Öz-özünə düşündü. Ey zavallı gicitkan, bəlkə də bir kənarda sakitcə ömür sürsəydin heç kəs sənə dəyib dolaşmayacaqdı. Bu gün də solğun-solğun yatmayacaqdın. Səni məhv edən bu bağban deyil, öz təkəbbürün və mənəm-mənəm deməyin oldu. İndi solğun-solğun yatırsan, görəsən, heç düşünürsən, mən nə etdim, nə?...            


Ruxsarə SÜLEYMANOVA
Bu yazıya 1634 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.