Mənə gəncliyin köməyi lütf edildi...


Rəna MÖHSÜNLÜ
Bu yazıya 1069 dəfə baxılıb.

Gənclik - yolun ortasında duran bir nəsildir. Əvvəl gələnlərdən aldığı dəyərləri, fikir və görüşləri yeni nəsilə nəql edər. Bəşəriyyət tarixində fikri              dəyişikliklər, güclü gəncliyin sayəsində olmalıdır. Məsələn, güclü gənclik yaşlı nəslin zəngin həyat təcrübəsindən, biliyindən faydalanıb öz yeniliklərini də əlavə edərək bir dinamika və güc qazanır. Çünki həyat və təcrübə halqaları bir – birinə bağlıdır. Hər nəslin yaşadığı dövrlə uyğunlaşa bilməsi üçün təcrübələr və düşüncələr bir – birinə bağlanmalıdır.

            Peyğəmbərimiz (s.ə.s.) də gəncliyə çox əhəmiyyət verirdi. Bu, “Mənə gəncliyin köməyi lütf edildi”, hədisində açıqca göstərilir. Allah Rəsulu gənclərdən qurduğu çox güclü bir heyət, hansı ki, onların zəka və qabiliyyətini dəfələrcə sınamışdı, İslam mədəniyyətinin demək olar ki, ana sütunu oldu. İslam dini onların sarsılmaz əzmiylə əsrlərə çatdı. Gənc nəslin qəlb saflığı, düşüncələrinin təzəliyi, bəsirət və güclü bir iradəylə hərəkət edə bilmələri üçün çox əhəmiyyətlidir. Mövlana Həzrətləri buyurur: “Gənclik illərini qənimət bilib qulluq borcunu ödəyən kəs necə də xoşbəxtdir”.

Lakin bu gün görünüşü parlaq, içi boş fikirlər gənc nəsli asanlıqla aldada bilir və gənclər bu cür fikirləri mənimsəyirlər. Fəqət zamanla həqiqəti anlayıb o düşüncələrə qarşı üsyan edirlər. Bax bu nöqtəyi-nəzərdən gənc nəsil araşdırmada, incələmədə, hər önə  çıxana boyun əyməməkdə  daha çox diqqətli olmalıdır. Bizə bəxş edilən  ömür sərmayəsini əbədi bahara çevirmək üçün gənc nəsil doğru istiqamətləndirilməlidir. Ömrün ən bərəkətli çağı gənclikdir. Bu çağda haqq və xeyir istiqamətindən azca uzaqlaşmaq belə, sonrakı yaş dövrlərində dönüşü çətin olan zillətə yuvarlanır.

Bu gün nə qədər gənc enerjisini ən intensiv şəkildə dəyərləndirmək üçün çabalayır? Ömrünü ən münbit mərhələsini hansı gözəl əqidələr və həyacanlarla keçirir? Vaxtın nə qədərini qəflət və boş nəfsani arzularla keçirir? Xülasə, Həzrəti Mövlananın dediyi kimi, “Özünə gəl, ey gənclik, güc- qüvvətin var ikən doğru yolda doğru qərarların yanında ol”.

Bu günki statistik məlumatlara baxsaq,  depressiya, stres kimi xəstəliklər gənclərdə daha çox olur. Bu da zamanında düzgün istiqamətlənməməyin nəticəsidir. Necə demişlər, “Ağac yaş ikən əyilər”. Son söz olaraq,  bizi Yaradan ömrünü gözəl, faydalı işlərə sərf edəni sevir – bunu heç unutmayaq. Gəncliyimizə, gücümüzə, qüvvə və imkanlarımıza aldanaraq ömür yolundakı çətin keçidləri unutmaq qəflətindən Allah qorusun!


Rəna MÖHSÜNLÜ
Bu yazıya 1069 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.